Dünyada “ham radio”, “amator radio” kimi bilinən radiohəvəskarlıq, radionun sehrinə aşiq olan hər kəs üçün bir hobbidir. Bu, dünyada milyonlarla insanın sevrək həyata keçirdiyi bir məşğuliyyətdir. Fərqli bir çox sahədə fəaliyyət göstərən bu insanlara “ham”-da deyirlər (ingiliscə radiohəvəskarlara “ham`s”-da deyirlər). Hər kəs; kişi, qadın, yaşlı, cavan və uşaqlar radiohəvəskər ola bilər. Dünyada ən kiçik 7 yaşlı radiohəvəskar olmaqla yanaşı, hətta 80 yaşdan yuxarı insanlar da radiohəvəskar fəaliyyətinə yorulmadan davam etməkdədir.
Amator radio tezliklərində kiminlə rastlaşacağını təsəvvür etmək mümkün deyil: gənc, yaşlı, müəllim və tələbələr, mühəndis və elm adamları, həkim və tibb bacıları, bərbər və ustalar, krallar və şou adamları. Bütün təbəqələrdən radiohəvəskar insanlar var.
Maraqlı fakt: Ən məhşur radiohəvəskarlardan biri amerikalı Tim Allen-dir! O bir çox populyar TV şou və film ulduzudur.
Bəzi insanlar texniki mürəkkəbliyinə görə bu işi sevir. Öz şəxsi həvəskar radiostansiyanı quraraq bu fəaliyyətdən böyük zövq almaq mümkündür. Bəziləri daha da irəli gedərək radiostansiya və antenlərini özləri yaradırlar. Radiorabitə rəqəmsallaşdıqca, hətta bəzi radiohəvəskarlar gələcəyin rəqəmsal rabitəsinə istiqamət verən proqramlar da yazırlar.
Bəziləri isə sadəcə rabitə keçirməyi sevirlər. Bunara misal kimi fövqəladə hal rabitəsi, xarici ölkələrdə yaşayan radiohəvəskarlarla rabitə, park və dağ zirvəsindən portativ radiostansiyaları ilə əlaqə, müxtəlif radiohəvəskar yarışlarda bir-biri ilə rəqabət aparmaq kimi fəaliyyətləri göstərmək olar. Və bəli, bəziləri hələ də Morze əlifbası istifadə edərək, bir-birilə rabitə qurmağa davam edir. Gördüyünüz kimi radiohəvəskarlıq müxtəlif sahələrdə olan insanları və müxtəlif növ fəaliyyətləri özündə birləşdirən hobbidir.
Bu məqalədə:
- Radiohəvəskarın beş “məqsədi”
- Niyə “ham radio” adlanır?
- Radiohəvəskarlığın qısa tarixi
- Radiohəvəskarlıqda nələr etmək mümkündür
- Digər radio xidmətləri ilə müqayisədə radiohəvəskarlıq
- Lisenziya əldə etmək
Radiohəvəskarın beş “məqsədi”
Bu məqsədlər Amerikada radiohəvəskarlığın nizamnaməsində belə qeyd olunub. Federal Qaydalar Məcəlləsinin (Code of Federal Regulations) 47-ci maddəsinin 97-ci bəndində radiohəvəskarın məqsədləri aşağıdakı kimi yazılıb:
97.1 Əsas və məqsəd.
Bu hissədəki qaydalar aşağıdakı prinsiplərdə ifadə olunan əsas məqsədi radiohəvəskarlıq olan fəaliyyəti həyata keçirmək üçün nəzərdə tutulmuşdur:
(a) Könüllü qeyri-kommersiya rabitə xidməti kimi ictimaiyyət üçün həvəskar xidmətin dəyərinin tanınması və artırılması, xüsusən də fövqəladə hallar zamanı rabitənin təmin edilməsi.
(b) Radio sənətinin inkişafına töhfə vermək üçün həvəskarın təsdiq edilmiş qabiliyyətinin davamı və genişləndirilməsi.
(c) Həm rabitə, həm də texniki məsələlərdə bacarıqların artırılmasını təmin edən qaydalar vasitəsilə həvəskar fəaliyyətin təşviq edilməsi və təkmilləşdirilməsi.
(d) Təlim keçmiş operatorların, texniki işçilərin və elektronika mütəxəssislərinin həvəskar radio fəaliyyəti çərçivəsində mövcud cameyənin genişləndirilməsi.
(e) Beynəlxalq dostluq münasibətlərini artırmaq üçün həvəskarın unikal qabiliyyətinin davam etdirilməsi və genişləndirilməsi.
Başqa sözlə desək:
- Radiohəvəskarlıq fəaliyyəti, fövqəladə hal rabitəsi olduğu üçün, həm də sosial-ictimai fəaliyyətdir.
- Radiohəvəskarlar, informasiya texnologiyalarının inkişafına dəyərli töhfələr verir.
- Radiohəvəskarlıq, bu sahədə fəaliyyət göstərənlərin bacarıqlarını və texniki biliklərini inkişaf etdirməyə imkan yaradan hobbidir.
- Radiohəvəskarlıq, ölkəni texniki savadlı insanlarla təmin etməyə kömək edir.
- Radio heç bir sərhəd tanımadığı üçün radiohəvəskar operator beynəlxalq dostluq münasibətlərinin artırılmasında əvəzzsiz mövqedədir.
Niyə “ham radio” adlandırırlar?
Radiohəvəskarların “ham radio” kimi adlandırılmasıyla bağlı bir çox nəzəriyyə var, lakin ən populyar nəzəriyyə radiohəvəskarlığın ilk dövrlərindən gəlir. O vaxtlar bütün radio rabitələri Morze əlifbası ilə həyata keçirilirdi və bir çox kişilər (və qadınlar) öz dolanışığını peşəkar teleqrafçılıqla təmin edirdilər. Bu teleqraflar Morze siqnallarını nə qədər yaxşı göndərə bildikləri ilə öyünürdülər. Radiohəvəskarların çoxu peşəkar teleqraflar qədər vərdişkar deyildilər, ona görə də peşəkar teleqraflar həvəskar teleqrafçıları “yumruqlu operator” (ham-fisted operators) adlandıraraq qınayırdılar. “The American Heritage Dictionary of the English Language”-də “ham-fisted” deyiminin açıqlaması “xüsusilə əllə fiziki hərəkətdə bacarıq azlığı” şəklindədir. Zaman keçdikcə bu deyim “ham operators” şəklinə düşənədək qısaldıldı və radiohəvəskarlıq “ham radio” olaraq tanındı. Bu hekayə doğru olsa da, olmasa da ham radiodakı ham sözü qəti şəkildə qısaltma deyil və “HAM” şəklində böyük hərflərlə yazılmamalıdır. Dəqiq desək bu “amator radio” adlanır və bu termin belə gördüyümüz işi tam ifadə etmir.
Radiohəvəskarlığın qısa tarixi
Radiohəvəskarlıq 100 ildən çoxdur ki, 97.1-ci maddədə göstərilən ali məqsədlərini yerinə yetirməkdədir. Radiohəvəskarlığın başlaması 1800-cü illərdən 1900-cü illərə kimi olan dövrü əhatə edir. 1900-cü illərin əvvəli bütün texnologiya sahələri üçün həyəcan verici dövr idi. Məsələn, avtomobilin icadı həmin dövrə təsadüf edir və Almaniyada Daimler, ABŞ-da Ford kimi şirkətlər onun istehsalına başlamışdır.
Radionun dövrü də bu vaxtlardan başlayıb. Guglielmo Marconi radio ilə təcrübələrinə 1894-cü ildə başlamış və 1901-ci ildə Böyük Britaniyanın qərb sahilindəki Kornuoldan, Atlantik okeanının o tayına, Kanadanın şərq sahilindəki Nyufaundlendə Morze əlifbası ilə S hərfini ötürdüyünü iddia etmişdir.
Bu, naqilsiz teleqraf üçün təcrübələr aparan, dünyanın bir çox texniki düşüncəli adamını həyəcanlandıran bir xəbər idi. Həvəskarlar qısa müddət sonra öz radio qurğularını yaratmağa başladılar.
O vaxtdan bu günə kimi keçən illərdə radiohəvəskarlar öz dəyərlərini isbatladılar:
- Radiohəvəskarlıq, tarixi boyunca fövqəladə hal və sosial-ictimai rabitəni həyata keçirmişdir.
- Radiohəvəskarlıq, tarixi boyunca radiotexnika elminin inkişafında rol oynamışdır. Həvəskarlar ilk dəfə 200 m-dən aşağı dalğa uzunluqlarında radio ilə sınaqlar keçirmiş və daim tezlik sərhədlərini genişlətməyə çalışmışlardır. Bu gün Ham Radio Science Investigation (HamSCI) kimi həvəskar təşkilatlar hələ də radio elminə və texnologiyasına töhfələr verirlər.
- Radiohəvəskarlıq, dünyada iki milyondan çox insanın zövq aldığı bir hobbidir.
- Radiohəvəskarlıq, illər ərzində təcrübəli radio operatorları, texniklər və elektronika mütəxəssislərindən ibarət cameyənin genişlənməsinə kömək olmuşdur.
- Dəyərli mütəxəssislərin, hərb və sənaye gücünün artmağında böyük rol oynamışdır.
- Radiohəvəskarlıq, beynəlxalq dotluq və qardaşlığın böyüməsində rol oynamışdır. Bütün dünyada radiohəvəskar operatorların dostluğu, dünyanın hər tərəfindən insanları bir yerə toplamağa qadir kiçik, lakin birləşdirici bir gücdür.
Radiohəvəskarlıqda nələr eləmək mümkündür?
Radiohəvəskar lisenziyası sizə radio və elektronika ilə əlaqədar hər şeyi etmək imkanı verir. Bəzi radiohəvəskarlara yerli fövqəladə hal rabitəsini təmin etmək bəs edərkən, bəziləri DXçiliyə (DXing) daha çox maraq göstərir, yəni bütün dünya radiohəvəskar stansiyaları ilə rabitə qurmağa çalışır. Bəzi radiohəvəskarlar radionun texniki incəliklərindən zövq alarkən, bəziləri daim yeni və maraqlı proqramlar axtarışındadır. Həvəskar radio ilə nə edə biləcəyinizlə bağlı bəzi nümunələrə baxaq.
Fövqəladə hal rabitəsi
Radiohəvəskarlıq dedikdə ağıla ilk gələnlərdən biri fövqəladə hal rabitəsidir. Yarandığından bu günə kimi bəzi radiohəvəskarlar təbii fəlakətlərdə müxtəlif qurumlar üçün mükli müdafiə rabitəsi təşkil etmiş və xaricdə yaşayan vətəndaşlarla onların ailələrini əlaqələndirmişdir. Radiohəvəskar operatorların, fövqəladə hal və sosial-ictimati xidmətlərinin dövrümüzdə ən bariz nümunəsi SKYWARN proqramıdır. SKYWARN spotter proqramı Milli Hava Xidməti (NWS) tərəfindən təlim keçmiş könüllülərin ümummilli şəbəkəsidir və NWS-i vaxtında və dəqiq kəskin hava hesabatları ilə təmin edir.
Şiddətli tufanlar, daşqınlar, tornadolar, qar və buz fırtınaları kimi təhlükəli hava şəraiti baş verdikdə, SKYWARN könüllüləri, o cümlədən radiohəvəskarlar, olduqları yerdə baş verənləri xəbər verirlər. Onlardan müəyyən meyarlar çərçivəsində, məsələn, bir düym yağış yağdıqda, yerə altı düym qar yağdıqda, dolu yağdıqda və ya ağaclar aşdıqda hesabat vermələri xahiş olunur. Radiohəvəskarlar SKYWARN üçün xüsusilə dəyərlidir, çünki mobil həvəskar radio stansiyaları tam olaraq ehtiyac duyulan yerdə yerləşdirilə və bu məqsədlə qurulmuş şəbəkələr vasitəsilə ağır hava şəraiti haqqında real vaxt hesabatları təqdim edə bilər.
Elektron cihazlar və antenlərlə təcrübələr
Bir çox radiohəvəskar operatorları elektronika və antenlərlə təcrübə aparmaqdan zövq alırlar və radiohəvəskar lisenziyası onlara bunu etmək azadlığı verir. Bəzi radiohəvəskarlar var ki, onlara “radikal, özü düzəldənlər” (ingilis dilində: hard-core homebrewers) deyilir. Özlərinin yaratmadıqları radionu istifadə etməyi qətiyyən sevmirlər. Bəziləri o qədər sərt deyil, satın alıb istifadə etdikləri hazır radiostansiyalarına əlavə olaraq müxtəlif proyeklərlə məşğul olmaqdan zövq alırlar. Məsələn jurnalda və ya internetdə qarşılarına çıxan sxem əsasında bir anten tuner hazırlaya bilərlər. Bu cihazları hazır almaq əvəzinə, onu özləri hazırlaya, necə işlədiyini öyrənə və itifadə qaydaları haqqında dərin bilik əldə edə bilərlər.
Bir çox radiohəvəskar isə anten tərübələri aparmaqdan zövq alır. Antenlər siqnalın effektiv şəkildə ötürülməsi üçün çox vacibdir. Radiohəvəskar, təcrübələr əsasında müəyyən tezlik və tətbiq üçün ən uyğun həll yolunu tapa bilər.
Radiohəvəskarlıqda aparılan sınaqlar elektronika və antenlərlə məhdudlaşmır. Əslində bu gün inkişaf etməkdə olan ən maraqlı sahələrdən biri də, proqram əsaslı radiodur (SDR – software-defined radio). Rəqəmsal siqnal emal vasitələrini təmin edən pulsuz və açıq mənbəli (Opens Source) proqram paketi olan “GNU Radio” adlı proqram paketindən istifadə edərək, radiohəvəskarlar öz proqram əsaslı radiolarını yaradıb, təkmilləşdirirlər. Bundan başqa, radiohəvəskarlar yeni rəqəmsal kommunikasiya vasitələrini inkişaf etdirmək üçün bir çox işlər görməkdədir.
Yeni bacarıqlar öyrənin
Radiohəvəskarlar daim yeni şeylər öyrənir. Çox vaxt bu bacarıqlar onlara nəinki daha yaxşı radiohəvəskar olmağa kömək edir, həm də onlara elmin digər sahələrini öyrədir. Peyk rabitəsi də bu bacarıqlardan biridir. 1961-ci ildə ilk həvəskar radio peyki – OSCAR 1 kosmosa göndəriləndən bəri radiohəvəskarlar kosmosa heyran olublar. Bu gün orbitdə həvəskar radio avadanlığı daşıyan onlarla peyk var ki, yerdə olan radiohəvəskarlar bu peyklər vasitəsilə dünyanın digər yerlərində olan radiohəvəskarlarla əlaqə yaradır. Bunu etmək onlara orbital dinamika və kosmik gəmi texnologiyası haqqında məlumat əldə etməyə kömək edir.
Bir çox həvəskarın öyrəndiyi başqa bir bacarıq isə radio istiqamətini tapmaqdır. Bu, onlara həvəskar radiotezliklərdə müdaxiləyə səbəb ola biləcək lazımsız, parazit ötürücüləri tapmağa imkan verən bir bacarıqdır. Bu bacarığı qazanmaq üçün radiohəvəskarlar ondan bir oyun da düzəldirlər. Onlar adətən 3,5 MHz ya da 144 MHz tezliyində işləyən, parazit siqnalı təqlid edən ötürücüləri qəsdən gizlədirlər və sonra başqalarını onu tapmağa çağırırlar.
Bu, ilk baxışda asan görünsə də, əslində çox mürəkkəbdir. Gizli ötürücünü tez tapmaq üçün yarış iştirakçıları istiqamətlənmiş anten, zəiflədici (attenuator), xəritələri oxumaq bacarığı və müxtəlif radiotezliklərin binalardan və ya digər tikililərdən necə əks olunduğuna dair biliklərə ehtiyac duyurlar. Bütün bu biliklər effektiv radio istiqaməti axtaran olmaq üçün vacibdir.
Gizli ötürücünu ilk tapan şəxs və ya komanda qalibdir! Radio istiqaməti tapmaq yarışında iştirakçılar yalnız medal və ya sertifikat qazanmaqdan daha çox faydalı bacarıqlar öyrənirlər.
Dünyanın müxtəlif yerlərindəki insanlarla danışın
Əlbəttə, radiohəvəskarlar siz bu məqaləni oxuyarkən belə, dünyanın digər radiohəvəskarları ilə danışırlar. Dünyanın müxtəlif yerlərindəki həvəskar radio stansiyalarla əlaqə yaratmağa xüsusi marağı olan radiohəvəskarlara DXçi deyilir. Bu radiohəvəskarlar öz stansiyalarını uzun məsafəli rabitəni nəzərə alaraq dizayn edirlər. Bunun üçün yüksək güclü gücləndiricilərə və istiqamətlənmiş antenlərə ehtiyac duyulur.
Bəzi radiohəvəskarlar bunu bir addım da irəli aparır, həvəskar radio stansiyası qurmaq və oradan fəaliyyət göstərmək üçün ucqar yerlərə gedirlər. Bu səfərlər “DXpeditions” adlanır. Məsələn, 2019-cu ildə yeddi radiohəvəskardan ibarət qrup Sakit okeandakı Markiz adalarına DXpedition səfəri edərək, orada dörd stansiya qurub minlərlə rabitə həyata keçiriblər.
Yarışlar (contest) populyar radiohəvəskar fəaliyyətlərindən biridir. DX yarışlarında həvəskarlar dünyanın müxtəlif yerlərindəki stansiyalarla bacardıqları qədər çox rabitə yaratmağa çalışırlar. Bu yarışlarda qalib olmaq üçün təkcə yüksək səviyyəli avadanlıq deyil, çalışqan, yorulmaz olmaq və radio rabitə üzrə yüksək biliklər tələb olunur.
DX və ya yarış olmadıqda, bir çox radiohəvəskar sadəcə digər radiohəvəskarlarla söhbət və müzakirələr etməyi sevir. Radiohəvəskarların çoxu bacarıqlı və maraqlı insanlardır, onlarla söhbət etdikdə siz çox maraqlı şeylər öyrənə bilərsiniz. Bu rabitələr mənə çox şey öyrətdi və mən bu yolla özümə çoxlu dost qazandım.
Texniki sahədə karyera
Bir çox radiohəvəskar üçün bu hobbi texniki karyera üçün bir pilləkən olmuşdur. Bəzi elektronika mühəndisləri və proqramçılar ilk olaraq radiohəvəskar lisenziyası əldə etməklə işə başlayıblar. Radiohəvəskarlıq sizə təkcə texnologiyanı deyil, həm də lehimləmə və digər texniki praktiki bacarıqları öyrədir.
Digər şəxsi radio ilə müqayisədə radiohəvəskarlıq
Dünyada radiohəvəskar fəaliyyətindən başqa, şəxsi rabitə üçün istifadə edə biləcəyiniz başqa üç xidmət növü var. Bunlar aşağıdakılardır:
Citizens Band Radio Service (CB) 26,965 MHz ilə 27,405 MHz arasında 40 kanaldan ibarət şəxsi və ya biznes üçün ikitərəfli, qısa məsafəli səsli rabitə xidmətidir. Dünyada bunun üçün lisenziya tələb olunmur (Azərbaycanda bu fərqli ola bilər, daha dəqiq məlumat əldə etmək üçün Dövlət Radiotezliklər İdarəsinə müraciət edə bilərsiniz), lakin ötürücü gücü 4 Vt ilə məhdudlaşır və ötürücülər müvafiq qurum tərəfindən sertifikatlaşdırılmalıdır.
General Mobile Radio Service (GMRS) 462 MHz və 467 MHz aralığında 30 kanaldan ibarət qısa məsafəli, ikitərəfli rabitə xidmətidir. Məsələn, ABŞ-da lisenziya tələb olunur, lakin çıxış gücü 50 Watt-a qədər ola bilər. GMRS radiolarının əhatə dairəsini genişləndirmək üçün lisenziya sahibləri GMRS təkrarlayıcıları (repeater) istifadə edə bilərlər.
Family Radio Service (FRS) 462 MHz və 467 MHz aralığında 22 kanaldan ibarət, bəzi tezlikləri GMRS ilə bölüşən fərdi radio xidmətidir. Lisenziya tələb olunmur (Azərbaycanda bu fərqli ola bilər, daha dəqiq məlumat əldə etmək üçün Dövlət Radiotezliklər İdarəsinə müraciət edə bilərsiniz), lakin radiolar 2 Watt çıxış gücü ilə məhdudlaşır.
Bu xidmətlər ilə radiohəvəskarlıq arasında heç bir əlaqə yoxdur və müqayisə edilməməlidir. Həvəskar radio lisenziyası sizə 136 kHz-dən 250 GHz-ə qədər diapazonlarda 200 Watt-a qədər çıxış gücü ilə işləməyə imkan verir. Bəzi ölkələrdə icazə verilən maksimal güc kWatt səviyyəsindədir. CB, GMRS və FRS qısa məsafəli rabitə üçün nəzərdə tutulub, uzun məsafəli rabitə isə radiohəvəskar diapazonlarında mümkündür. Həmçinin öz avadanlıqlarınızı qura və lisenziyanızın icazə verdiyi istədiyiniz siqnallarla işləyə bilərsiniz.
Lisenziya almaq
Azərbaycanda üç kateqoriya üzrə lisenziya verilir:
3-cü kateqoriya – yeni başlayan radiohəvəskarlara Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilir. Bu lisenziya sizə bəzi HF və VHF/UHF tezlik zolaqlarında maksimum 10 Watt gücündə işləməyə imkan yaradır.
2-ci kateqoriya – müəyyən efir və texniki təcrübə qazandıqdan sonra Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilir. Bu lisenziya sizə daha çox HF və VHF/UHF tezlik zolaqlarında maksimum 50 Watt gücündə işləməyə imkan yaradır.
1-ci kateqoriya – böyük efir təcürbəsi və dərin texniki biliklərə malik radiohəvəskarlara Dövlət Radiotezliklər İdarəsi tərəfindən verilir. Bu lisenziya ilə qanunvericilikdə icazə verilən bütün diapazonlarda maksimal 200 Watt gücündə sərbəst işləyə bilərsiniz.
Lisenziyanın necə alınması ilə əlaqədar daha ətraflı məlumat əldə etmək üçün Dövlət Radiotezliklər İdarəsinə, həmçinin “Azərbaycan Radiohəvəskarlar Cəmiyyəti” İctimai Birliyinə müraciət edə bilərsiniz.
Təcümə və əlavələr: Elgün Həsənov, 4K6EH
Bravo! Həvəskar radio barədə yaratdığınız online məlumat üçün təşəkkürlər! 73
Diqqətinizə görə çox sağ olun. Sizin çağırış siqnalınız var? 73
Salam Elgün bəy, sizə Facebook messengerdə yazmışdım amma cavab gəlmədi, həvəskar radio ilə maraqlanıram, çağırış siqnalı barədə maralanmışdım – vaxt tələb olunur və sair, Hackrf One işlədirəm, Nano VNA 4 vektor antenna analizatorum var, morze açarım var öyrənirəm, hal hazırda Rothammelin kitabını oxuyuram, Yaesu ft991a transiveri almaq istəyirəm, bu transiver barədə nə fikirləşirsiz? imkanınız olsa Facebook messengerdə əlaqə saxlayaq
Təşəkkür .gözəl informasiya oldu. Həmdə lazımlı.