Salam, dostlar. Bu yazımda sizlərə “TESTER” dediyimiz, istər həvəskar istər peşəkar elektronçunun ən çox istifadə etiyi və vazkeçilməz aləti haqqında danışacağam. Bu alətin onlarla növü mövcuddur. Beləki çoxfunksiyalılığından aslı olaraq qiymətlərdə dəyişir. Keyfiyyətli, dəqiq bir alət istəyirsinizsə cüzdanın “ağzını” biraz geniş açmalısınız. Əsasən iki tip testerlər olur, Analoq və Rəqəmsal (Digital). Demək olar ki, istifadə qaydalarında fərq yoxdur (amma istisna hallarda var).
İzahımı rəqəmsal tester üzərində yazmaq istərdim. Aşağıda şəkildə gördüyünüz tester hansı ölçmə əməliyyatlarını necə yerinə yetirdiyinə nəzər salaq. 1. Diod yoxlaması (hansıkı üzərində diod işarəsi var), 2. Elektrik müqavimətini (Om, KiloOm və MeqaOm) 3. hFE-Tranzistor yoxlaması, 4. DC Volt yoxlaması, 5. AC Volt yoxlaması, 6. Temperatur (Selsi ilə), 7. Hz Tezlik, 8. Kondensator yoxlaması, 9. AC Amper yoxlaması, 10. DC Amper yoxlaması.
Sonra 11. Problar, 12. ON/OFF, 13. Kondesator girişi, 14. Termo sensor girişi, 15. Tranzistor girişlərinə diqqət edək.
1. Diod yoxlaması. Bu funksiya ilə bir neçə detalı yoxlamaq mümkündür. Bunun üçün 12 (on/off) düyməsi ilə testerimizi işə salırıq. Sonra problarımızı lazımi yerə bərkidirik. Qara prob hər zaman COM girişində olmalıdır. Qırmızını isə VΩHz yazılmış girişə taxırıq. Dəyişən açarımızı isə 1 vəziyyətinə gətiririk. Bu vəziyyətdə bir naqilin sağlam olub olmadığını yoxlamaq üçün testerimizin hər probunu naqilimizin o və bu başına toxundururuq. Əgər testerdən siqnal səsi gəlirsə, yaxud ekranda sıfırlar yazılırsa naqil sağlamdır əks halda naqil işləmir.
Bir diod yoxladıqda isə qara prob katodda qırmızı prob anodda olduqda testerin ekranında təxminən 0.560 dəyəri görünməlidir, probları əksinə dəyişdikdə isə ekranda 1 dəyəri görünməlidir (yəni diyod kəsimdədir) əks hallarda diod nasazdır deməkdir.
Kondensator yoxlamaq üçün əvvəlcə kondensatorumuzu boşaldırıq sonra probları kondensatorun ayaqlarına toxundururuq. Beləliklə ekranda bir dəyər görünür və sonra 1 yazılır. Bu o deməkdir ki, detal işləyir. Əgər heçnə dəyişmirsə yaxud qısa dövrə görünürsə detal işləmir. Bu bölmədə tranzistoru da yoxlamaq mümkündür. Uzunculuq olmasın deyə onu kitablardan oxumağı məsləhət görürəm.
2. Bu funksiya elektrik müqavimətini ölçmək üçün istifadə olunur. Bunun üçün problar olduğu vəziyyətdə qalır. Rezistorumuzu götürürük və hər ayağına probumuzun biri ucunu tuturuq (tərsi düzü olmadan 🙂 ). Testerin ekranında müqavimətin dəyəri görünür. Əgər görünmürsə om, k və M bölmələrinə çeviririk. Əgər yenədə görünmürsə (1 rəqəmi yazılırsa) bu o deməkdir ki, rezistor yanıb.
3. hFE Tranzistor yoxlaması. Bu bölmədə tranzistorun pinlərini 15 ilə işarələnmiş bölmədə müvafiq olaraq E,C,B düzgün yerləşdirsək onun Beta dəyəri görünməlidir. Misal üçün 3904 BJT tranzistor üçün 242 dəyəri görünməlidir. Əks halda tranzistor nasazdır.
4. DC Gərginlik ölçmə. Sabit cərəyan mənbəyində gərginliyi ölçmək üçün açarımızı müvafiq bölmədə, həmçinin təxmin etdiyimiz Volt dəyərində tuturuq. Problar isə həmin qaydada qalır. Mənbə üzərində qırmızı prob “+” qara prob isə “-” işarəsinə toxundurulur. Testerin ekranında müvafiq voltaj görünməlidir. Əgər görünən dəyərin önündə “-” işarəsi görünsə problar tərs qoşulmuş sayılır.
5. AC Gərginlik ölçmə. Dəyişən cərəyan mənbəyində gərginliyi ölçmək üçün açarımızı müvafiq bölmədə, həmçinin təxmin etdiyimiz Volt dəyərində tuturuq. Problar isə həmin qaydada qalır. Prob uclarını mənbə üzərində hansı işarəyə tutmağın mənası yoxdur, çünki dəyişən cərəyanda “+” və “-” işarələr sabit qalmır, odurki fərqi yoxdur. Sizə lazım olan gərginlik ölçülərək ekranda görünəcək.
6. Selsi ilə temperaturun ölçülməsi. Bunun üçün temperatur sensorunu 14 rəqəmi ilə göstərilən girişə taxırıq. Sensor hissəni isə ölçüləcək mühitə tuturuq. Bir müddət sonra ekranda mühitin temperaturu görünür.
7. Bu bölmədə tezlik ölçülür. Maksimum 20 Kilo Hersə qədər. Problar şəkildə göstərilmiş vəziyyətdə olmalıdır.
8. Kondensator yoxlaması. Bunun üçün açarı 8 bölməsində müvafiq tutum üzərində saxlayırıq. Kondensatorumuzun ayaqlarını 13 ilə işarələnmiş hissədə tuturuq. Və ekranda kondensatorumuzun tutumu görünür. Əks halda detalımız işləmir. Şəkildə 1uF elektrolit kondensator ölçülmüşdür.
9. AC Amper ölçmə. Bunun üçün qırmızı probu tester üzərində çıxarıb, 10 A və ya mA girişinə taxırıq. Əgər ölçəcəyimiz dəyər
milli amper ətrafındadırsa mA, böyükdürsə 10A girişinə taxırıq. Ampermetr dövrəyə ardıcıl qoşulur. Bu səbəbdən mənbədən çıxan işarələrdən biri testerdən keçərək yükə bağlanır. Beləkilə ekranda yükün neçə amper cərəyan şiddəti yaratdığı görünür.
10. DC Amer ölçmə əməliyyatı da eyni qaydada yerinə yetirilir.
Mövzu ilə əlaqəli suallarınızı aşağıda bildirə bilərsiniz.
Oxuduğunuz üçün təşəkkür edirəm. Hörmətlə Elgün Həsənov.